SMM-ə Giriş: Sosial Media Marketinqi Nədir və Hardan Başlamaq lazımdır?
8 İyun 2026·👁 76 baxış
Sosial medianın gücü
Gün ərzində neçə dəfə Instagram-ı, TikTok-u və ya Facebook-u açırsan? Çox güman ki, saymaqla bitməz. İndi bunu milyonlarla insana vurduqda nə qədər istifadəçinin olduğunu hesablamaq o qədər də çətin deyil.
Dünyada 5 milyarddan çox insan sosial mediadan istifadə edir. Azərbaycanda da əhalinin böyük əksəriyyəti hər gün bu platformalarda saatlarla vaxt keçirir. (Hətta Tiktokun statistikalarına görə, Azərbaycan adambaşına izləmə saatına görə dünyada Bangladeshdən sonra ikincidir) Sənin potensial izləyicin də onların arasındadır. Əsas sual isə budur, bu izləyiciyə sən çatırsan, yoxsa rəqiblərin?
Bu yazıda SMM-in nə olduğunu, niyə vacib olduğunu və sıfırdan necə başlaya biləcəyini sadə dildə, addım-addım izah edəcəyəm.
SMM nədir?
SMM (Social Media Marketing — sosial media marketinqi) sosial şəbəkələrdə məzmun yaradaraq, paylaşaraq və reklam edərək biznesini tanıtmaq, auditoriya qurmaq və satış artırmaq prosesidir.
Sadə bənzətmə ilə: əgər biznesin bir mağazadırsa, sosial media küçədir. SMM isə həmin küçədə vitrinini bəzəmək, insanları içəri dəvət etmək və onları daimi müştəriyə çevirmək sənətidir.
SMM iki böyük hissədən ibarətdir:
Organik SMM — pulsuz paylaşımlar: postlar, Reels, Story, şərhlərə cavab. Etibar və kommunikasiya qurur.
Ödənişli SMM (reklam) — Meta Ads, TikTok Ads kimi platformalarda büdcə ilə daha çox insana çatmaq prosesidir. Sürətli nəticə verir, birbaşa istədiyimiz kütləyə çıxa bilirik.
Dayanlıqlı nəticə üçün isə ikisi birlikdə işləməlidir.
SMM niyə vacibdir?
Bəzən sahibkarlar deyir: "Mənim məhsulum yaxşıdır, reklamsız da satılar." Reallıq isə fərqlidir, insan psixologiyası görmədiyi şeyi almır, tanımadığına etibar etmir. Sosial media isə tanıtım üçün çox güclü vasitədir.
SMM-in sənə verdikləri:
Görünürlük — minlərlə potensial müştəri brendini tanıyır.
Etibar — daimi, keyfiyyətli məzmun səni/şirkəti sahəndə ən yaxşılardan biri kimi göstərir.
Birbaşa satış — düzgün reklam birbaşa sifarişə çevrilir.
Müştəri ilə əlaqə — şərh və mesajlarla canlı ünsiyyət qurursan.
Ucuz başlanğıc — TV və Outdoordan fərqli olaraq böyük büdcə olmadan da başlamaq mümkündür.
💡 Məsləhət: SMM-i "xərc" yox, "investisiya" kimi gör. Düzgün qurulanda hər qoyulan 1 manat geri qayıdır.
Əsas platformalar hansı kanallardır, necə seçim etmək lazımdır?
Hər platformaya eyni anda girmək yeni başlayanların ən böyük səhvlərindən biridir. İlk mərhələdər biz auditoriyamızın harada olduğunu taparaq, həmin sosial media kanalından davam etməliyik.
Aşağıda bəzi məşhur platformalar və onların əsas məqsədi yer almışdır.
Instagram — vizual biznes (geyim, kafe, gözəllik, məhsul). Reels videoları isə indi ən güclü böyümə alətlərindəndir.
TikTok — gənc auditoriya üçün daha uyğundur, Azərbaycanda ən çox istifadəçisi olan platformadır. (təqribi aylıq istifadəçi sayı 7 mln) virallıq potensialı yüksək, sürətli böyüyə biləcəyiniz platformadır.
Facebook — geniş yaş aralığı, lokal biznes və icmalar üçün hələ də güclüdür. Azərbaycanda artıq öz aktuallığnı itirmişdir.
LinkedIn — B2B (biznesdən-biznesə), peşəkar xidmətlər və şəxsi brending üçün əvəzolunmaz platformadır.
Başlanğıc üçün 1-2 platforma seçmək və orada keyfiyyətli olmaq daha uğurlu strategiyadır. Hər yerdə zəif olmaqdansa, bir yerdə güclü olmaq daha effektivdir.
Yaxşı bəs, strategiyamızı necə quraq?
Addım-addım SMM strategiyası
Plansız günlük paylaşım etmək istiqaməti olmayan gəmi kimi sizi okeanın ortasında azdıracaq. Strategiya ilə yanaşma irəli sürmək istəyirsənsə, aşağıdakı addımları izlə;
Məqsəd təyin et. Nə istəyirsən? tanınmaq, izləyici artırmaq, yoxsa satış? Məqsəd hər şeyi müəyyən edir və məqsədə görə strategiya qurulur.
Auditoriyanı tanı. Müştərin kimdir? yaşı, marağı, problemi nədir? Hədəf kütləyə çıxmaq sizi daha tez böyüdəcək. Əgər mənim müştərim hərkəsdir deyirsinizsə, böyük ehtimalla heç kimin marağını çəkə bilməyəcəksiniz.
Rəqibləri araşdır. Sahəndəki uğurlu səhifələrə bax: nə işləyir, nə işləmir? onlar niyə uğurludurlar, hansı tip paylaşımlar edirlər?
Məzmun planı qur. Aylıq məzmun planı qur, neçə post olacaq, hansı mövzuları əhatə edəcək? Planına uyğun aylıq kontent kalendar hazırla, paylaşımların sistemli olsun.
Ardıcıllığı qoru, dayanıqlı səhifə yarat. Ardıcıllıq mükəmməllikdən vacibdir. Alqoritm daimi yazanları, paylaşımları sevir və dəstəkləyir. 1 həftə 5 post, növbəti həftə 0 post paylaşmaq sizi geri salacaq.
Ölç və dəyişdir, optimizasiya et. Nəyin işlədiyini gör, onu artır; işləməyəni dəyiş digər ideyalarla dəyiş, müxtəlif trendlərə anında reaksiya ver. Məsələn, pinqvin trendini ilk gündə etsəydin uğurlu olacaqdın, 3 gün sonra etsəydin insanları bezdirəcəkdin. Alqoritm belə işləyir.
Uğuru necə ölçməlisən?
"Bəyənmə" sayı gözəl görünür, amma bəyəni əsl göstərici deyil. Aşağıdakılara diqqət et:
Reach / Impressions — neçə nəfərə çatdın, nə qədər ümumi baxış əldə etdin.
Engagement (qarşılıqlı əlaqə) — bəyənmə, şərh, paylaşım, save kimi göstəricilərini analiz et. insanlar özlərinə faydalı kontentləri save edir, əyləndikləri, digərlərinin də görməyini istədikləri kontentləri isə paylaşırlar. elə et ki, bu məqsədlərdən birinə xitab edəsən.
İzləyici artımı — auditoriyan nə etsən də zamanla dəyişəcək, əgər izləyicilər aktivdirsə, onların səhifəni izləmədən (followdan) çıxarma ehtimalı yüksəkdir. sən onları səhifədə tutmalı və gedən izləyicilərin yerinə daima yenilərini gətirməlisən, bunun iki yolu var, ya reklam qoyacaqsan, ya da kontent yaradaq izləyici gətirəcəksən.
Konversiya — ən vacib göstəricidir: bu qədər aldığın göstərici gün sonunda müştəriyə çevrildimi, yoxsa sadəcə insanları əyləndirirsən? (sifariş, mesaj, sayta keçid kimi göstəriciləri konversiya olaraq nəzərə ala bilərsən).
💡 Məsləhət: 10.000 "boş" izləyicidən, 100 alış edən izləyici daha dəyərlidir. Rəqəmlərə yox, nəticəyə bax.
Yeni başlayanların 5 səhvi
Hər platformaya birdən girmək — enerji dağılır, heç biri inkişaf etmir.
Yalnız satış-satış demək — insanlar reklamdan yorulur. Fayda ver, sonra sat.
Ardıcıllığın olmaması — həftədə bir post unudulmaq deməkdir.
Şərh və mesajlara cavab verməmək — sosial media "sosial"dır; ünsiyyəti unutma.
Nəticəni ölçməmək — ölçmədiyini idarə edə bilməzsən.
Nəticə: hardan başlamalı?
SMM mürəkkəb görünə bilər, amma əsası sadədir: auditoriyanı tanı, onlara dəyərli məzmun ver, ardıcıl ol və nəticəni ölç. Mükəmməl başlanğıcı gözləmə, bu gün bir platforma seç və ilk addımı at. Təcrübə yol getdikcə qazanılır.
Növbəti yazılarımda hər platformanı ayrıca daha detallı sizə təqdim edəcəm, Instagram-da necə böyümək, ilk reklamı necə qurmaq və daha çoxu üçün izləmədə qalın!
Biznesin üçün SMM strategiyası qurmaqda kömək lazımdır? Mənimlə əlaqə saxla, birlikdə həll edək!
Biznesin üçün rəqəmsal marketinq dəstəyi lazımdır?
Gəl danışaq — strategiyadan reklam idarəçiliyinə qədər kömək edə bilərəm.